XƏBƏRLƏRİN 2017 arxivi
az / ru / en

22 Noyabr 2017

Akademik Roald Saqdeyev AMEA Fizika İnstitutunda qonaq olub

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Lenin mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin professoru Roald Saqdeyevlə görüş keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev, Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Hafiz Paşayev iştirak ediblər. Görüşü giriş sözü ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov açıb. O qeyd edib ki, görkəmli akademik R.Saqdeyev bütün dünyada tanınır və fizika elminə, xüsusən kosmik fizika sahəsinə böyük töhfələr verib. Daha sonra söz akademik Akif Əlizadəyə verilib. O, bütün AMEA əməkdaşları adından akademiki salamlayıb. Qeyd edib ki, Azərbaycan elmində həmişə flaqman olan Fizika İnstitutunda Roald Saqdeyivlə görüşün baş tutması sevindirici haldır. Akademikin yubileyi ərəfəsində İnstitutda belə bir görüşün keçirilməsinin təsadüfi olmadığını vurğulayan A.Əlizadə müasir dövrümüzdə də R.Saqdeyevin kəşflərinin tətbiq olunduğunu və gənc nəsil tərəfindən öyrənildiyini bildirib. Tədbir akademik R.Saqdeyevin məruzəsi ilə davam edib. O, çıxışında elmi fəaliyyətinin bugünə qədərki formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L.Landau, V.Ginzburq haqqında xatirələrini bölüşüb. Çıxışının sonunda R.Saqdeyev əməkdaşlarının suallarını cavablandırıb. Daha sonra akademik İnstitutda yaradılmış şəraitlə tanış olmaq istədiyini vurğulayıb. Noyabr 8-də R.Saqdeyev yenidən Fizika İnstitutunda qonaq olub. O, İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub. Vurğulayıb ki, Fizika İnstitutu ən müasir cihazlarla təchiz olunub və burada alimlərin elmi tədqiqat işləri aparması üçün yaradılmış şərait təqdirəlayiqdir.


14 May 2018

FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİMLƏR QONAQ OLUBLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini, “Geoelektrodinamika” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popovanı qəbul edib. Görüş çərçivəsində akademik N. Məmmədov Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. R.Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.

Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. İlk olaraq REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə İnstituta rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan İnstitutun 600-ə yaxın əməkdaşı var. S. Tixotski İnstitutda əsasən, geoloji, seysmoloji,elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib. Seminar Oleq Poxotelovun çıxışı ilə davam edib. Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar. Rusiyalı qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.


02 Noyabr 2017

AMEA Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Tədbiri giriş sözü ilə Universitetin rektoru Mustafa Babanlı açıb. İlk olaraq ADNSU-nun fəaliyyət istiqamətləri, burada tədris olunan ixtisaslar haqqında məlumat verib. O bildirib ki, iki müəssisənin əməkdaşlığı AMEA rəhbərliyi ilə Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində gördüyü işlərdən irəli gəlir. M.Babanlı ADNSU-da maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində birlikdə tədqiqatlar, kadrlar mübadiləsi aparılacaq, yerli və xarici elmi təşkilatlarla müştərək layihələr həyata keçiriləcək. Tədbir Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun çıxışı ilə davam edib. O, ADNSU-da və Fizika İnstitutunda dəfələrlə görüşlərin təşkil olunmasından, kollektiv və maddi-texniki baza ilə tanışlıqdan bəhs edib. N.Məmmədov Universitetin aparıcı elmi müəssislərdən olduğunu və dünyada tanındığını qeyd edib. O, əməkdaşlıq çərçivəsində görülən işlərin yüksək səviyyədə reallaşacağına ümid etdiyini bildirib. Daha sonra AMEA Fizika İnstitutu və ADNSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalama mərasimindən sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edib. Bildirib ki, Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq, xüsusən də “Fizika” kafedrası, energetika ixtisası üzrə əlaqələr həmişə mövcud olub. “Fizika” kafedrasının çoxlu sayda professor və dossentlərinin AMEA Fizika İnstitutunun yetirmələri olduğunu qeyd edib. Bildirib ki, bu əməkdaşlıq elmi və pedaqoji əlaqələri genişləndirəcək və yüksək nəticələr əldə olunacaq. Tədbirdə həmçinin, Fizika İnstitutunun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, ADNSU-nun “Fizika” kafedrasının müdiri, professor Musavər Musayev və “İstilik energetikası” kafedrasının professoru Kamal Abdullayev çıxış ediblər.


02 Noyabr 2017

AMEA Fizika İnstitutun gəncləri ilin sonunu mükafatlarla başa vurublar


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci ildə AMEA-nın magistr və doktorantları arasında “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən Fizika İnstitutunun ikinci kurs magistri Aytən Şərifli III yerə layiq görülüb. A.Şərifli diplomla təltif olunub. Dekabrın 28-i 2017-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) Kuboku uğrunda şahmat turnirinin final mərhələsi keçirilib. Turnir ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin 20 dekabr 2017-ci il tarixli 794 saylı sərəncamına əsasən keçirilib. AMEA YT Park tərəfindən təşkil olunan turnirə, AMEA İnstitutularını təmsil edən əməkdaşlardan ibarət komandalar qatılıb. 4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin sahibləri bəlli olub. Turnirin nəticələrinə əsasən Fizika Institutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov IV yer tutub. S.Cabarov fəxri fərmanla təltif olunub.



10 Dekabr 2017

Hörmətli həmkarlar, müəlliflər və "AJP Fizika" jurnalının oxucuları "AJP Fizika" jurnalının 2017 ilin dördüncü nömrəsinin çap versiyası nəşr olunmuşdur

 

18 Dekabr 2017

Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə iclası keçirilib

Noyabrın 5-də Fizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsi (HİK) ilə Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə iclası keçirilib. İclası giriş sözü ilə İnsitutun HİK-nin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb. O bildirib ki, həm müdriyyət həm də HİK gənclərin problemlərini dinləməyə və onların həllində köməklik etməyə həmişə hazırdır. S.Bağırova, Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, AMEA institutları arasında keçiriləcək II Spartakiadadan bəhs edib. Qeyd edib ki, gənclərin bu cür tədbirlərdə fəal olması və iştirakı vacibdir. İclas Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, İnstitutda 200 nəfərdən artıq gənc çalışır. O, Fizika İnstitutunun AMEA-nın elmi-ictimai fəaliyyətində həmişə yaxından iştirak etdiyini qeyd edib. Vurğulayıb ki, İnstitutda gənclər üçün hər cür şərait yaradılıb. Gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmalıdırlar. Daha sonra Q.Dəmirov GAMŞ-ın magistrlərlə bağlı gələcək layihələrdən bəhs edib.


27.12.2017 11:42

Azərbaycan Milli Elmlər Akademiyası 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı ( elmlər doktoru hazırlığı üzrə );
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə); - şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinin doktorantura şöbəsinə müraciət etmək olar.
Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48, e-mail: eti@science.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.